Qazaxda “Şuşa şəhəri 2024-cü ildə İslam mədəniyyətinin paytaxtı” mövzusunda tədbir keçirilib
Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazax rayon Qazılığının birgə təşkilatçılığı ilə Qazax şəhər məscidində “Şuşa şəhəri 2024-cü ildə İslam mədəniyyətinin paytaxtı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, bölmənin əməkdaşı Eşqin Allahverənov, QMİ-nin Qazax rayon qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və bu, İslam dünyasının həmrəyliyin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin xalqımızın mədəni irsinin qorunmasına və mədəniyyətimizin beşiyi Şuşaya xüsusi önəm verdiyi, bu gün bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyi qeyd edilib. Tədbirdə Şuşanın tarixi, mədəniyyəti, elm və incəsənət xadimləri haqqında geniş məlumat verilib.

