Qazaxda “Beynəlxalq Tolerantlıq Günü” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazax rayonu üzrə qazılığının təşkilatçılığı ilə noyabrın 27-də şəhər “Cümə” məscidində “Beynəlxalq Tolerantlıq Günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Eşqin Allahverənov, QMİ-nin Qazax rayonu üzrə qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda bildirilib ki, ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətidir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Vurğulanıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.