Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.08.2025 / Bölgə xəbərləri

“Qazax” əlahiddə sərhəd diviziyasında maarifləndirici tədbir keçirilib

“Qazax” əlahiddə sərhəd diviziyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının birgə təşkilatçılığı ilə “Azərbaycançılıq ideologiyası – multikultural cəmiyyətdə birlik və bərabərliyin təminatçısı kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Dövlət Komitəsinin və sərhəd diviziyasının şəxsi heyətinin iştirak etdiyi tədbirin əsas məqsədi çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasında etnik və dini müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən uğurlu dövlət siyasəti barədə şəxsi heyətin məlumatlandırılması, dini maarifləndirmə səviyyəsinin artırılması olub.

Çıxışçılar qeyd ediblər ki, azərbaycançılıq ideologiyası müasir dövrdə ölkəmizin milli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bu ideologiyanın formalaşması və dövlət siyasəti səviyyəsinə yüksəlməsi müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müəyyən etdiyi bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bu gün dünya miqyasında multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınır.

Qeyd olunub ki, azərbaycançılıq ideologiyası ölkədə ictimai-siyasi sabitliyin, dini və etnik müxtəlifliyin qarşılıqlı hörmət şəraitində inkişafının əsas təminatçısıdır. Bu ideologiya yalnız dövlət siyasəti deyil, həm də xalqımızın mənəvi həyat tərzidir.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, azərbaycançılıq ideologiyasının gənc nəslə daha geniş təbliğinin, milli birliyin və multikultural dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti xüsusi vurğulanıb.