Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.02.2026 / Bölgə xəbərləri

Qaxda və Zərdabda maarifləndirmə tədbirləri keçirilib

Fevralın 4-də Qax şəhər Etibar Babayev adına 4 saylı tam orta məktəbində “Məişət zorakılığı, təhsildən yayınma və erkən evliliyin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Nəsimi Allahverdiyev, rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi İlqar Qədimov, eləcə də müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunmasının dövlətin prioritet istiqamətlərindən biri olduğu qeyd edilib. Məişət zorakılığının yaranma səbəblərindən və fəsadlarından danışılıb. Cəmiyyətdə yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğinin əsas vəzifələrindən biri olduğu diqqətə çatdırılıb.
*** *** ***
Fevralın 5-də Zərdab rayon Peşə Liseyində “Milli dəyərlər və müasir ailə modeli: tarixdən günümüzə” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Sədi Hüseynov, Rayon Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşı Cəvahir Murtuzayeva, müəllimlər və liseyin tələbələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, milli dəyərlər xalqımızın mənəvi varlığını formalaşdıran əsas sütunlardan biridir və ailə bu dəyərlərin qorunub nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, tarix boyu Azərbaycan ailə modeli qarşılıqlı hörmət, məsuliyyət və mənəvi bağlılıq prinsipləri üzərində qurulub. Müasir dövrdə qlobal dəyişikliklər fonunda bu dəyərlərin qorunması xüsusi əhəmiyyət kəsb edir.