Qaxda və Saatlıda “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib
Avqustun 26-da Qaxda və Saatlıda “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Qax şəhərində yerləşən Səməd Vurğun adına Mədəniyyət Mərkəzində “Sülh aylığı” çərçivəsində “Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq sülhün təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Mədəniyyət Mərkəzinin müdiri Kəmalə Məcidova, Gənclər və İdman sektorunun baş məsləhətçisi İlqar Qədimov, eləcə də mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Saatlıda baş tutan tədbirdə isə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, Saatlı RİH-in məsul əməkdaşı Mirəli Məmmədov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışçılar dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın sülhün qorunmasında və cəmiyyətdə harmoniyanın təmin edilməsində böyük rol oynadığını diqqətə çatdırıblar. Qeyd olunub ki, müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlayış əsasında bir arada yaşaması cəmiyyətin inkişafının və sabitliyinin əsas təməl daşlarından biridir. Gənclər arasında fərqlilikləri zənginlik kimi qəbul etmək, stereotiplərdən uzaq olmaq və qarşılıqlı anlaşmanı artırmaq məqsədilə müzakirələr aparılıb.