Qaxda maarifləndirmə tədbiri keçirilib
Aprel ayının 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon İcra Hakimiyyəti (RIH), Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şəki-Zaqatala regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qax rayonu Zəyəm kənd tam orta məktəbində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Şəki-Zaqatala regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun rəhbəri Elvin Həsilov, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin layihə üzrə mütəxəssisi Elmir Həşimli, Qax rayonu Zəyəm tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Çıxışlar zamanı bildirilib ki, korrupsiya vətəndaş cəmiyyətinin inkişafına, iqtisadi inkişafa mənfi təsir göstərir, sosial ədalətin pozulmasına gətirib çıxarır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması dövlətin bu sahəyə olan diqqətinin təzahürü olduğu qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

