Qaxda maarifləndirmə tədbiri keçirilib
Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax şəhər T.İsmayılov adına 5 №-li tam orta məktəbində “Dini radikalizm, fanatizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclərin Kariyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı dini fanatizmin, radikalizm və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar barədə tədbir iştirakçılarına geniş məlumat verilib. Həmçinin radikalizm və ekstremizmin təbliğ olunması istiqamətində fəaliyyət göstərən xüsusi dini qruplaşmalara, qeyri-ənənəvi dini cərəyanlara qarşı qətiyyətli mübarizənin aparılmasının vacibliyi vurğulanıb.
Sonda DQİDK-nin sifarişi ilə çəkilmiş “Oxu” sənədli filmi nümayiş etdirilib.


