Qaxda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusu müzakirə olunub
Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qax rayon Etibar Babayev adına 4 nömrəli tam orta məktəbində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşı Elbir Həsənov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Aytən Murquzova, gənclər, təhsil işçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən milli birliyin möhkəmlənməsi adət-ənənələrin qorunması, ictimai şüurun formalaşması və həmrəyliyin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda dini məzhəbçilik meyillərindən qorunmanın və dini təhlükəsizliyin təminatında dini maarifləndirmənin müstəsna rolu qeyd edilib.
Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

