Qaxda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib
Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin, Qax Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qax rayonu Mirzə Ələkbər Sabir adına Güllük kənd tam orta məktəbində “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür - qan yaddaşımızdadır 107 il keçir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı İlqar Qədimov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib. Qeyd olunub ki, soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalayıb.
Tədbir müzakirələrlə davam etdirilib.

