Qaxda 12 Noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilib
Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin təşkilatçılığı ilə Qax rayonu Zəyəm kənd məscidində 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər müstəqilliyin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan yeni Konstitusiyamızın qəbul edilməsinin tarixi əhəmiyyətindən ətraflı danışaraq bildiriblər ki, Ümummilli Liderin 6 fevral 1996-cı il Sərəncamı ilə noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü elan edilib.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti sayəsində işğala son qoyularaq, ərazi bütövlüyümüz təmin edildikdən sonra respublikamızın bütün bölgələrində Konstitusiya quruluşu bərpa edilib. Bu gün Konstitusiya Günümüz ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunur.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.