Qaradağ, Göyçay, Xaçmaz və Samux rayonlarında maarifləndirmə tədbirləri keçirilib
Bakı şəhərində və respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Elşən Quluzadə və Nuru İmanov, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri Firidun Hüseynov, Ruslan İsmayılov, Ümid qəsəbə məscidinin imamı Aslan Həbibov, Sahil qəsəbəsində yerləşən orta təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.
***
Fevralın 28-də Samux rayon Çobanabdallı kənd tam orta məktəbində "Erkən nikahın fəsadları" mövzusunda maarifləndirmə tədbiri baş tutub. Tədbirə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndəsi İlqar Verdiyev və məktəblilər qatılıblar.
***
Fevralın 29-da Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd tam orta məktəbində "Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi aspektləri" mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Fərid Məmmədov, Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rayon sektorunun məsləhətçisi Nizami Mustafayev, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Fevralın 29-da Göyçay rayonunun Ləkçıplaq kənd tam orta məktəbində "Zərərli vərdişlər və onların həyatımıza neqativ təsiri" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə DQİDK -nin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Əzim Rəfiyev, Göyçay RPŞ-nin rəisi Müqalib Abdıyev, yerli qurumların nümayəndələri, müəllimlər və şagirdlər qatılıblar.
Çıxışlarda mövzuların aktuallığından bəhs olunub. Təhsil müəssisələrində, həmçinin təhsil alanlarla bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Tədbirlər müzakirələrlə davam edib.





