Ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri, yerli icra hakimiyyətləri (İH) və dini icmaların birgə təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində Xocalı soyqırımına həsr olunmuş anım tədbirləri keçirilib.
Fevralın 25-də Mingəçevir şəhərində keçirilən tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fevralın 25-də Tərtər rayonunda keçirilən tədbirdə DQİDK-nın Qarabağ regional bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, YAP rayon təşkilatının nümayəndəsi Əli Paşayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fevralın 25-də Yardımlı rayonunda keçirilən tədbirə komitənin Lənkəran-Astara regional bölməsinin müdir müavini vəzifəsini icra edən Pərvin İmanov, Yardımlı İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elçin Mirzəyev, Gənclər və İdman sektorunun müdiri Şəhriyar Şabiyev və ictimaiyyət nümayəndələri qatılıblar.
Fevralın 26-da Gədəbəy şəhər “Cümə” məscidində keçirilən anım tədbirində DQİDK-nın regional bölməsinin əməkdaşı Cavid Səfərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Fevralın 26-da Qazax şəhər “Cümə” məscidində keçirilən tədbirə isə DQİDK-nın əməkdaşı Eşqin Allahverənov, QMİ-nin Qazax rayonu üzrə qazısı İlham Süleymanov, eləcə də din xadimləri qatılıblar.
Fevralın 26-da Sumqayıt şəhərində keçirilən anım mərasimində DQİDK-nın regional bölməsinin müdiri Yalçın Abdullayev, dini konfessiyaların nümayəndələri və din xadimləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Eyni zamanda, bu qətliam Azərbaycan xalqının müstəqillik tarixinin ilk illərində üzləşdiyi ən faciəli hadisələrdəndir. Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti Xocalı hadisələrinin beynəlxalq səviyyədə tanıdılması və Xocalı soyqırımı kimi qəbul edilməsi istiqamətində uzunmüddətli, ardıcıl və çoxşaxəli siyasət həyata keçirir.
Qeyd edək ki, anım tədbirlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, ruhlarına dualar oxunub.




