Naftalanda “Milli-mənəvi dəyərlərin təbliğinin önəmi” mövzusu müzakirə olunub
Avqustun 29-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Naftalan şəhər Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğinin önəmi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Kamal Ələkbərov, məktəbin direktor əvəzi Tünzalə Zöhrabova və müəllimlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Vurğulanıb ki, əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir. Təqdirəlayiq haldır ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Bildirilib ki, xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu gün də davam etdirilir.

