Müstəqilliyin Bərpası Günü münasibətilə regionlarda tədbirlər keçirilir
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və digər qurumların birgə təşkilatçılığı ilə regionlarda silsilə tədbirlər həyata keçirilir.
Oktyabrın 15-də Ağsu şəhəri 4 saylı tam orta məktəbində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, təşkilatçı qurumların nümayəndələri, müəllim və məktəblilər iştirak ediblər.
Oktyabrın 16-da Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Azərbaycan dövlət müstəqilliyinin bərpası - 33 ili dəyərlərimizin təminatı” mövzusunda baş tutan tədbirə isə DQİDK-nın Yevlax regional bölməsinin aparıcı məsləhətçisi Valeh Rəşidov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və gənclər qatılıblar.
Oktyabrın 16-da Balakən rayonu Adil Əsgərov adına Qazbinə kənd tam orta məktəbində “Müstəqilliyimiz əbədidir!”, İmişli rayonunda isə “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzularında tədbirlər keçirilib. Qeyd olunan tədbirlərə DQİDK-nın regional bölməsinin əməkdaşları - Ruslan Əfəndiyev, Bəhrəm Abbaslı, ictimaiyyət nümayəndələri və gənclər qatılıblar.
Oktyabrın 17-də Lənkəranda da “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda tədbir təşkil olunub. Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, Lənkəran İslam Kollecinin direktor müavini Cəmaləddin Quliyev və tələbələr iştirak ediblər.
Oktyabrın 18-də Oğuz rayonunda “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda keçirilən tədbirə DQİDK-nın Şəki regional bölməsinin əməkdaşı Samir Salehov, Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının sədr müavini Mehman Ramazanov, ziyalılar və gənclər, Siyəzəndə təşkil olunan tədbirə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, rayon Gənclər və İdman sektorunun nümayəndəsi Nuran Nurullayev, müəllimlər və gənclər qatılıblar.
Oktyabrın 18-də Şəki İslam Kollecində "Müstəqilliyimizin Bərpası Günü" mövzusunda baş tutan tədbir DQİDK-nın Şəki regional bölməsinin əməkdaşı Saleh Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, müəllim və tələbələrin iştirakı ilə keçirilib.
Daha bir tədbir oktyabrın 18-də "Müstəqilliyimizin Bərpası Günü" mövzusunda Gədəbəy rayon Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, rayon Heydər Əliyev mərkəzinin direktor müavini Zamiq Söyünov, müəllimlər, eləcə də gənclər qatılıblar.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın dövlətçilik ənənələrindən, xalqımızın işğalçılara qarşı tarixən apardığı azadlıq mübarizəsindən, Ulu Öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışılıb. Qeyd edilib ki, müsəlman Şərqində ilk demokratik respublikanı da 1918-ci ildə bizim xalqımız yaradıb. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verib, irqi, milli, dini bərabərsizliyi aradan qaldırıb, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququ tanınıb. O da bildirilib ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib və həmin gün Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməkdədir.










