Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.05.2023 / Bölgə xəbərləri

Mingəçevirdə “Gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar keçirilib

Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir ASAN xidmət mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir şəhər İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elşən Əliyev, Mingəçevir Gənclər və İdman İdarəsinin rəis müavini Anar Şahbazov və həmin idarənin baş məsləhətçisi Daşqın İsmayılov, Mingəçevir ASAN xidmət mərkəzinin böyük məsləhətçisi Aysel Aslanova, eləcə də mərkəzin əməkdaşları və könüllülər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mərkəzin əməkdaşı Aysel Aslanova gənclərin dünyagörüşünə, mənəvi inkişafına təsir edən amillər, milli vətənpərvərlik ruhu aşılayan mənəvi dəyərlərimizin onların formalaşmasındakı önəmindən bəhs edib. Gənclərin mənəviyyatlı, dünyagörüşlü, vətənpərvər ruhda yetişməsində ailənin, məktəbin və ictimaiyyətin danılmaz rolu olduğunu qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər mövzunun aktuallığından bəhs edib, yeniyetmələrin vətənpərvərlik ruhunda yetişməsində ailənin, təhsilin və cəmiyyətin danılmaz rolundan, onların zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyindən, bu istiqamətdə dövlətin həyata keçirdiyi  tədbirlərdən söhbət açıblar. Çıxışçılar 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində böyük zəhməti olan gənc nəslin yetişdirilməsində məhz yuxarıda qeyd olunan amillərin əsaslı rol oynadığını vurğulayıb, bu sahə üzrə dövlətin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən danışıblar.  

Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib və sualları cavablandırılıb.