Mingəçevirdə “Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq sülhün təminatıdır” mövzusu müzakirə olunub
Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və şəhər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq sülhün təminatıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Qorxmaz Abbaszadə, Gənclər Evinin nümayəndəsi Humay Baxışova, din xadimləri, və gənclər iştirak ediblər.
Çıxışlarda dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın sülhün möhkəmləndirilməsində mühüm rol oynadığı xüsusi vurğulanıb. Qeyd olunub ki, bu cür əməkdaşlıq yalnız dini və mədəni müxtəlifliyin qorunmasına deyil, eyni zamanda cəmiyyətin tolerantlıq və birgəyaşayış dəyərləri üzərində inkişafına xidmət edir.
Həmçinin gənclərin dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, gənc nəsildə multikultural dəyərlərin təşviqi, onların milli-mənəvi irsimizə hörmət ruhunda formalaşdırılması sülh və sabitliyin uzunmüddətli təminatında mühüm əhəmiyyət daşıyır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.