Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.06.2025 / Bölgə xəbərləri

Mingəçevirdə “Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər” mövzusunda seminar keçirilib

İyunun 11-də Mingəçevir Gənclər Evində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər” mövzusunda seminar keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.

Seminarda DQİDK-nın Yevlax regional bölməsinin müdiri Natiq Əfəndiyev və əməkdaşı Valeh Rəşidov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mingəçevir Gənclər Evinin direktoru vəzifəsini icra edən Eşqin Məmmədov, “Heydər” məscidinin dini icma sədri Qurban Vahidov, yerli din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışçılar Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən danışaraq bu təşəbbüsün hüquqi dövlətçilik və milli suverenliyin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıblar. Tədbirdə dini radikalizm və onun yaratdığı təhlükələr, xüsusilə gənclər arasında yayılmasının qarşısının alınması yolları geniş müzakirə olunub. Bildirilib ki, dini maarifləndirmənin gücləndirilməsi, İslam dininin mahiyyətinin düzgün təbliği və radikal meyillərə qarşı hüquqi mexanizmlərin tətbiqi bu sahədə əsas tədbirlər sırasındadır.

Qeyd olunub ki, Azərbaycan cəmiyyətində mövcud olan tolerantlıq və multikultural ənənələr, eləcə də dövlət-din münasibətlərinə dair formalaşmış uğurlu model dünyanın müxtəlif ölkələri tərəfindən maraqla öyrənilir. Bu modelin əsasını Ulu Öndər Heydər Əliyev qoyub, Prezident İlham Əliyev isə onu müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etdirir.

Seminar çərçivəsində mövzu ilə bağlı sənədli film nümayiş olunub, daha sonra iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.