Mingəçevirdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və B.Şıxəliyev adına 6 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elşən Əliyev, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Mingəçevir şöbəsinin sədr müavini Rizvan Mikayıllı, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu mühüm gün xalqımızın çoxəsrlik azadlıq mübarizəsinin nəticəsi və dövlətçiliyimizin bərpa olunmasının simvoludur. Eyni zamanda natiqlər tərəfindən bu gün müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi naminə gənc nəslin milli ruhda tərbiyəsinin vacibliyi önə çəkilib.

