Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.06.2026 / Bölgə xəbərləri

Məhərrəm ayı öncəsi maarifləndirici tədbirlər təşkil olunub

İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Sumqayıt və İmişli şəhərlərində Məhərrəm ayı öncəsi maarifləndirici tədbirlər keçirilib.

Sumqayıt şəhərində DQİDK-nın Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Tarixi kontekstdə Aşura mərasimləri və mənəvi mahiyyəti” mövzusunda təşkil olunan toplantıda regional bölmənin müdiri Yalçın Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Rauf Sərdarov, eləcə də din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Analoji tədbir DQİDK-nın Mil-Muğan regional bölməsi, İmişli Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ictimai təhlükəsizlik və insan hüquqları perspektivində” mövzusunda keçirilib. Toplantıda Mil-Muğan regional bölməsinin müdiri Elvin Hüseynli, bölmənin əməkdaşları, İmişli RİH-in İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rüfət Muradov, Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Habil Ağayev, İmişli şəhər “Cümə” məscidinin imamı Rasəf Rüstəmov, rayon ərazisində fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, milli-mənəvi dəyərlərin qorunması, tolerant və multikultural ənənələrin təbliği Dövlət Komitəsinin dini maarifləndirmə sahəsindəki fəaliyyətinin əsas istiqamətlərindəndir. Həmçinin, Məhərrəm ayı ilə əlaqədar keçiriləcək mərasimlərin qanunvericiliyə və QMİ-nin müvafiq fətvasına uyğun təşkil edilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu ay çərçivəsində təşkil olunacaq dini ayinlərin sağlam mənəvi dəyərlər, ictimai məsuliyyət və qarşılıqlı hörmət prinsipləri əsasında keçirilməsinin cəmiyyətdə daxili sabitliyin qorunmasına mühüm töhfə verdiyi xüsusi qeyd olunub.