Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib
İyulun 19-da Masallı Rayon İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı və Qazılar şurasının üzvü Rəşid Talıbov, Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, din xadimləri, icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkəmizin inkişafına böyük töhfə verib. Rayon rəhbəri ölkəmizin hər yerində olduğu kimi Masallıda da Məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradıldığını vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazısı və Qazılar şurasının üzvü Rəşid Talıbov tədbirdə çıxış edərək Məhərrəmlik mərasimlərində hər kəsi QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etməyi tövsiyə edərək, zəncir vurub baş yarmağın, bədənə əziyyət verməyin dində bəyənilmədiyini və bunun əvəzinə qanvermə aksiyalarında fəal iştirak etməyin daha humanist hərəkət olduğunu bildiriblər.
Çıxışlarda Məhərrəmlik təziyəsinin islami dəyərlərə uyğun keçirilməsi ilə bağlı müsbət fikirlər səsləndirilib, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.



