Masallıda “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə rayonu Hişkədərə kənd Elşad Ağayev adına tam orta məktəbində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri Sabiq Cahangirov, Masallı rayonu Hişkədərə kənd Elşad Ağayev adına tam orta məktəbinin direktoru İlham Ağayev, müəllim və şagirdlər iştirak edib.
Çıxışlar zamanı radikalizmin mahiyyəti, yaranma şəraiti, gerçəkləşdirilmə üsulları və onlardan qorunma yollarından bəhs edilib. Radikalizmlə mübarizədə ən səmərəli vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunmasının önəmi vurğulanıb.
Tədbir müzakirələrlə yekunlaşıb.

