Lerikdə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib
Fevralın 14-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Lerik rayonu Bırkandul kənd məscidində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Səyyad Babakişiyev, Ağaəli Həsənov, məscidin dini icmasının üzvləri və dindarlar iştirak edib.
Çıxışlar zamanı xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb. Mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğu qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.