Lənkəranda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib
Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısının birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib.
Lənkəran rayonu Cil kəndi “Hüseyniyyə” məscidində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin əməkdaşları, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov, şəhid ailələrinin üzvləri, qazilər, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Əvvəlcə Şəhidlərin xatirəsinə ucaldılan abidə ziyarət edilib, Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Çıxışlar zamanı vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tarixə qızıl hərflərlə yazılıb. Qazanılan qələbədə xalqımızın zəngin milli-mənəvi dəyərlərinin mühüm rolu diqqətə çatdırılaraq yeniyetmə və gənclər arasında dəyərlərimizin təbliğinin vacibliyi vurğulanıb.

