Lənkəranda maarifləndirmə tədbiri keçirilib
Aprelin 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə təşkilatçılığı ilə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsində "Dinin siyasiləşdirilməsinin milli maraqlarımıza və mənəvi dəyərlərimizə təhlükələri" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin müdir müavini Anar Kərimov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Qəni Axundzadə və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlar zamanı dinin siyasiləşdirilməsi, dindən istifadə cəhdləri, dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.