Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.10.2022 / Bölgə xəbərləri

Lənkəranda “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib

Oktyabrın 12-də Lənkəranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib.

Şəhər İcra Hakimiyyətinin nümayəndələri, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayi Məmmədov, QMİ-nin bölgə qazısı Sədi Axundzadə, həmçinin rayonun din xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev dövlətin dinə və din xadimlərinə qayğısından bəhs edib. Eyni zamanda Lənkərandakı dini durum barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ictimai-siyasi və dini durumun sabit olduğunu diqqətə çatdırıb. Dövlət Komitəsinin sədr müavini tarix boyu ölkəmizdə müxtəlif xalqların, etnik və dini qrupların, məzhəblərin nümayəndələrinin birgə, mehriban, vəhdət halında yaşadığını vurğulayıb. Səyavuş Heydərovun sözlərinə görə, bu, dünyaya örnək olacaq bir məqamdır.

Dini radikalizm və ekstremizmin fəsadlarından, eləcə də dini radikal qrupların fəaliyyətindən danışan natiq qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyəti dini mühitdəki tendensiyalar, xaricdən yönəlmiş təhdidlər, yad ideologiyaların ölkəmizə ixracına cəhdlər barədə məlumatlandırmaq və maarifləndirməkdir.

Sədr müavini deyib ki, bu gün dini radikal qrupların qarşılarına qoyulmuş əsas hədəf ictimai təhlükəsizlik, dinlər və məzhəblərarası vəhdət və s. kimi dəyərləri məhv etməkdir. Səyavuş Heydərov onu da vurğulayıb ki, dini radikalizmin cəmiyyətdə özünə yer tapmasının və yayılmasının qarşısının alınmasında milli-mənəvi dəyərlərə sıx şəkildə bağlılıq mühüm rol oynayır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.