Lənkəranda 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
İyunun 24-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Vətən uğrunda qəhrəmancasına canından keçən Şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi tədbirin əvvəlində 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində parlaq qələbə qazandığı və erməni işğalında olan torpaqlarımızın azad edildiyi xatırladılıb. Ulu Öndər Heydər Əliyevin Ordu quruculuğu istiqamətində həyata keçirdiyi siyasətin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs olunub. Azərbaycan Ordusunun dünyadakı müasir silahlarla təchiz edildiyi, yüksək hərbi-vətənpərvərlik və mənəvi-psixoloji hazırlıq səviyyəsinə malik olduğu diqqətə çatdırılıb. Çıxışçılar yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərimizin, vətənpərvərliyin təbliğ edilməsində dini icma sədrləri və din xadimlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.