Lənkəran və Şəkidə Aprel döyüşlərinə həsr olunmuş tədbirlər keçirilib
Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə Qazısının birgə təşkilatçılığı ilə aprel döyüşlərinin ildönümü münasibətilə “Aprel döyüşləri: Şanlı Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, QMİ-nin qazısı Qəni Axunzadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, müharibə veteranları, qazilər, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
***
Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Unversitetinin Şəki filialında “Aprel döyüşləri: böyük Zəfərin başlanğıcı” mövzusunda tədbir baş tutub. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin məsləhətçisi Minarə Məmmədhüseynova, Tədris işləri üzrə direktor müavini Vüsal Baxışov və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı 2016-cı ilin aprel ayında və 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan ordusunun Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə qazanaraq torpaqlarımızın geri alındığı qeyd edilib. Bu qələbələrin Şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb. Natiqlər, Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu diqqətə çatdırıblar.



