Kürdəmirdə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda tədbir keçirilib
İyunun 5-də Kürdəmir rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Regionlarla iş şöbəsinin baş məsləhətçisi Ülvi Məmmədov, Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Daşqın Rüstəmov, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin qazı, səlahiyyətli nümayəndələri, Kürdəmir, Göyçay, Ucar və Zərdab rayonlarının dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən danışıb, terrorçuluğun maliyyələşdirilməsinə zəminin yaranmasının qarşısının alınması və bu istiqamətdə dini qurumların rolundan bəhs ediblər. Dini qurumlara münasibətdə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mütəmadi təlimlərin keçirilməsi, dini qurumların hesabatlılığının və maliyyə şəffaflığının gücləndirilməsinə nail olunmasının vacibliyini vurğulayıblar. Eyni zamanda ianlərin qəbul edilməsi ilə bağlı qanunverciliyin tələblərini izah ediblər. Bildirilib ki, Dövlət Komitəsi tərəfindən dini icmaların fəaliyyətində maliyyə şəffaflığının təmin edilməsi məqsədilə regionlarda din xadimlərinin iştirakı ilə mütəmadi belə tədbirlər həyata keçirilir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.









