Kürdəmirdə “Mədəni və mənəvi dünyamızın paytaxtı Şuşa” mövzusunda tədbir keçirilib
Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Mədəni və mənəvi dünyamızın paytaxtı Şuşa” mövzusunda tədbir keçirilib.
DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Daşqın Rüstəmov, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Fizuli Cəfərov, dini icma sədrləri, din xadimlərinin iştirakı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxışlarda Şuşa şəhərinin milli ruhumuzun daşıyıcısı olduğu üçün mədəniyyət beşiyimiz adlandırıldığı, Azərbaycan mənəviyyatında özünəməxsus yer tutan şəhər olduğu qeyd edilib. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərinin ölkənin “Mədəniyyət paytaxtı” elan edildiyi, 2022-ci ilin Azərbaycanda “Şuşa İli”, 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan olunduğu diqqətə çatdırılıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda, o cümlədən Şuşa şəhərində dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələrin həyata keçirildiyi vurğulanıb. Yenidən Cıdır düzündə, İsa bulağında muğam sədalarının,məscidlərimizdə azan səsinın ucaldığı qeyd olunub.
Tədbir müzakirələrlə davam etdirilib.