Kürdəmir və Ucarda erkən nikah, ailə dəyərləri mövzuları müzakirə olunub
Fevralın 20-də Kürdəmir şəhər "İmam Rza" məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Erkən nikahın qarşısının alınmasında dini icmaların rolu" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Daha bir tədbir fevralın 20-də Ucar rayon Çiyni kənd tam orta məktəbində "Ailə dəyərlərimiz milli dəyərlərimizdir" mövzusunda baş tutub. Tədbirə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Rauf Nəsirov, yerli qurumların nümayəndələri, müəllimlər və şagirdlər qatılıblar.
Çıxışlarda erkən nikahların qarşısının alınması və bu sahədə görülən tədbirlərdən danışılıb, bu problemlə mübarizədə dini icmaların rolu vurğulanıb. Erkən nikah hallarının qarşısının alınmasında ailə və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşdüyü qeyd edilib. Eyni zamanda natiqlər müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından və qadınlara verilən dəyərlərdən bəhs ediblər.
Tədbirlər diskussiya şəklində davam edib.



