İsmayıllıda tolerantlıq ənənələrinə həsr olunmuş tədbir keçirilib
Avqustun 13-də İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov, İsmayıllı rayonu İvanovka kəndi "Molokan-ruhani-xristian" dini icmasının sədri Sergey Kazakov, İsmayıllı şəhər (2) məscidinin imamı Röya Balayev, eləcə də dini icma sədrləri, dini icma üzvləri və din xadimləri iştirak ediblər.
Tədbirdə DQİDK-nın sifarişi ilə hazırlanan “Həmrəyliyimiz, milli birliyimiz” adlı videoçarx nümayiş etdirilib.
Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerant mühitdən, multikulturalizm siyasəti və bu sahədə əldə edilən nailiyyətlərdən danışılıb. Eyni zamanda ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması vurğulanıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş tolerantlıq və multikulturalizm siyasətinin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






