İsmayıllıda “Korrupsiyaya qarşı birgə mübarizənin təşkili” mövzusu müzakirə edilib
Noyabrın 19-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı birgə mübarizənin təşkili” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbəri Orxan Ağayev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Qaya Xalıqov, eləcə də təşkilatçı qurumların əməkdaşları və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub, korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğu vurğulanıb. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyi diqqətə çatdırılıb. Ölkəmizdə insanların sosial rifahı və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyi bildirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



