İsmayıllıda gənclər arasında dini radikalizmlə mübarizəyə həsr olunmuş zona toplantısı keçirilib
Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Dağlıq-Şirvan iqtisadi rayonu üzrə zona toplantısı keçirilib.
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində baş tutan tədbir “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meyilləri” mövzusuna həsr olunub. Toplantının əsas məqsədi gənclər arasında dini radikalizmin profilaktikası, maarifləndirmə işinin gücləndirilməsi və aidiyyəti qurumların bu sahədə əməkdaşlığının genişləndirilməsi olub.
Tədbirə “Heydər Əliyev və din siyasəti” sənədli filminin nümayişi ilə start verilib. Daha sonra Dağlıq-Şirvan iqtisadi rayonu üzrə dini radikalizmin mövcud vəziyyəti, bu zərərli meyillərin gənclər arasında yayılma səbəbləri, eləcə də bu istiqamətdə regional gənclər və idman idarələrinin, gənclər evlərinin fəaliyyətinin gücləndirilməsi kimi məsələlər müzakirə olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev çıxışında bildirib ki, radikalizmlə mübarizədə maarifləndirmə əsas prioritetlərdən biridir və bu istiqamətdə gənclərlə birbaşa ünsiyyət xüsusi önəm daşıyır. O qeyd edib ki, bu cür görüşlər gənclərin dini biliklərinin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır və onların radikal təsirlərdən uzaq qalmasına xidmət edir.
Sonra toplantıda iştirak edən gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb, onları narahat edən məqamlar ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda qarşılıqlı əməkdaşlığın və maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.





