İsmayıllıda “Ekstremizmin qarşısının alınmasında din xadimlərinin rolu” mövzusu müzakirə olunub
İyulun 23-də İsmayıllı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Ekstremizmin qarşısının alınmasında din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, bölmənin əməkdaşları, İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Nəsimi Teymurov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndələri Qaya Xalıqov və Vasif Teymurov, dini icma sədrləri, eləcə də din xadimləri iştirak ediblər.
Tədbirdə ekstremizmin cəmiyyətə təsiri və qarşısının alınmasında din xadimlərinin roluna dair geniş müzakirələr aparılıb, maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb. Çıxışlarda dini radikalizmlə mübarizədə dini liderlərin nüfuz və təsir imkanlarından səmərəli istifadə etməyin vacibliyini qeyd edilib.


