İsmayıllıda din xadimlərinin iştirakı ilə tədbir keçirilib
İyunun 16-da İsmayıllı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dini ibadət yerləri memarlıq irsimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH-nin nümayəndəsi Qiyas Abdullayev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Samir Zülfiyev, İsmayıllı bələdiyyəsinin sədr müavini Anar Rəsulov, Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Ceyhun İsmayılov və din xadimləri iştirak ediblər.
Çıxışlarda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində dini ibadət yerlərinin yalnız ibadət məkanı deyil, həm də milli-mənəvi və memarlıq irsinin mühüm tərkib hissəsi olduğu vurğulanıb. Bildirilib ki, məscidlərin tarixi və memarlıq xüsusiyyətlərinin qorunması, onların bərpası və gələcək nəsillərə ötürülməsi milli irsin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu kimi abidələrin şəhərsalma prosesində nəzərə alınmasının mədəni irsin qorunmasına töhfə verdiyi qeyd olunub.

