"İnsan Hüquqları Aylığı" çərçivəsində Yardımlıda tədbir təşkil olunub
İyunun 4-də “İnsan Hüquqları Aylığı” çərçivəsində Yardımlı rayon Alim Nəcəfov adına Ərus kənd tam orta məktəbində tədbir təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin müdir müavini vəzifəsini icra edən Pərvin İmanov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, rayon Gənclər və İdman sektorunun müdiri Şəhriyar Şabiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda insan hüquq və azadlıqlarının qorunmasının demokratik cəmiyyətin əsas prinsiplərindən biri olduğu vurğulanıb. Bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, hər bir vətəndaş öz hüquq və vəzifələrini bilməli, qanunlara hörmətlə yanaşmalı və başqalarının hüquqlarına ehtiram göstərməlidir.