Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.05.2025 / Bölgə xəbərləri

Hövsanda “Gənclər suverenliyimizin qarantıdır” mövzusunda "dəyirmi masa" keçirilib

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı şəhəri, Hövsan qəsəbəsi “Höccət İbn Həsən” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gənclər suverenliyimizin qarantıdır” mövzusunda “dəyirmi masa” keçirilib. 
Şərqşünas Elnur Kazımovun şəxsi kitabxanasında təşkil olunan tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan “Höccət İbn Həsən” məscidi dini icmasının sədri hacı Allahverən Məmmədzadə Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı imzaladığı Sərəncamın ideya mahiyyətinə toxunub, bu qərarın dövlətçilik, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, xüsusilə gənc nəslin bu dəyərlərlə yetişməsinin Azərbaycanın sabahı üçün strateji önəm daşıdığını vurğulayıb.
Şərqşünas Elnur Kazımov çıxışında kitabxanasının qapılarını gənclər üçün açmaqdan məmnunluğunu ifadə edib. O, şəxsi təşəbbüsü ilə yaratdığı və yüzlərlə nadir, miniatür və klassik nəşri bir araya gətirən kitabxananın gənclərin dünyagörüşünün formalaşmasında rolu barədə danışıb. E.Kazımov gəncləri daim mütaliəyə meyilli olmağa, kitabı dost bilməyə çağırıb.
Tanınmış qiraət ustası, Əməkdar artist Ağalar Bayramov tədbirdə vətənpərvərlik ruhunda çıxış edərək bədii nümunələri böyük ustalıqla səsləndirib. Onun çıxışı gənclər tərəfindən xüsusi maraq və alqışla qarşılanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Aqil Əlisoy Ümummilli Lider Heydər Əliyevin dini-mənəvi irsə göstərdiyi qayğını diqqətdən danışıb. O, çıxışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın son illər bu sahədə həyata keçirdiyi mühüm layihələrə, o cümlədən dini abidələrin bərpasına, işğaldan azad edilmiş ərazilərdə məscidlərin yenidən qurulmasına və Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərə də geniş yer ayırıb.
Filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslı isə dövlət başçısının sərəncamları ilə hər il müxtəlif görkəmli şəxsiyyətlərin – şairlərin, alimlərin, ictimai xadimlərin yubileylərinin yüksək səviyyədə keçirilməsinin milli-mənəvi yaddaşın qorunmasına və təbliğinə verdiyi töhfədən danışıb. Bu il Seyid Əzim Şirvaninin 190 illik yubileyi ilə bağlı Sərəncamı nümunə olaraq qeyd edib.
Tədbirdə Hövsan qəsəbəsinin ictimaiyyət nümayəndələri, inzibati və mədəni müəssisə rəhbərləri, kənd ağsaqqalları və qəsəbə gəncləri iştirak ediblər.