Hacıqabulda “Uşaq hüquqları — bərabər imkanlar və inklüziv cəmiyyət” mövzusunda tədbir keçirilib
Noyabrın 13-də Hacıqabul rayonu Muğan qəsəbə tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə “Uşaq hüquqları — bərabər imkanlar və inklüziv cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Komitənin Şirvan-Salyan regional bölməsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, Hacıqabul rayonu Ağsaqqallar Şurasının sədri Sahib Aslanov və məktəbin şagirdləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, uşaq hüquqları yalnız qanunvericilikdə əksini tapan prinsiplərlə məhdudlaşmır — bu hüquqlar hər bir uşağın qorunmaq, sevilmək, öyrənmək və öz fikrini sərbəst ifadə etmək haqqını təmin etməlidir.
Çıxışçılar bildiriblər ki, bərabər imkanlar hər bir uşağın sosial vəziyyətindən, fiziki imkanlarından və ya sağlamlıq durumundan asılı olmayaraq, eyni təhsil və inkişaf şəraitinə malik olması deməkdir. Tədbirdə həmçinin inklüziv cəmiyyətin formalaşdırılmasının vacibliyi vurğulanıb — belə cəmiyyət fərqlilikləri qəbul edir, heç kəsi kənarda qoymur və hər bir uşağa özünü dəyərli hiss etdirməyə şərait yaradır.
Çıxış edənlər qeyd ediblər ki, uşaqların hüquqlarının qorunması təkcə onların gələcəyi üçün deyil, bütövlükdə cəmiyyətin davamlı inkişafı və ədalətli gələcək quruculuğu üçün mühüm əhəmiyyət kəsb edir. Hər bir vətəndaş bu dəyərləri gündəlik həyatında tətbiq etməklə daha sağlam və güclü bir cəmiyyətin formalaşmasına töhfə verə bilər.