Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.10.2022 / Bölgə xəbərləri

Hacıqabulda “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda tədbir keçirilib

Oktyabrın 13-də Hacıqabulda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Hacıqabul Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Hacıqabul RİH başçısının birinci müavini Saleh Ələskərov, icra başçısının müavini Xuraman Məmmədova, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, eləcə də  ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısının birinci müavini Saleh Ələskərov tədbiri giriş sözü ilə açaraq, son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Hacıqabulda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb. S. Ələskərov onu da bildirib ki, Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda ictimai-siyasi və dini durum sabitdir.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində  görülən işlərdən danışıb. Vurğulayıb ki, Azərbaycanda dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Səyyad Salahlı dini konfessiyalar arasında tolerantlıq mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Dövlət Komitəsi sədrinin birinci müavini qeyd edib ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyasəti bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gəncləri təhsilə, elmə, mənəvi dəyərlərimizə daha da bağlı olmağa çağıran Səyyad Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə də ətraflı məlumat verib. O, dövlət başçısının müvafiq sərəncamları ilə DQİDK-nın tabeleyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından, Dövlət Komitəsinin digər dövlət qurumları ilə birgə respublikamızda həyata keçirdiyi maarifləndirmə tədbirlərindən danışıb. Onu da bildirib ki, dini, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və cəmiyyətdə təbliği istiqamətində mühüm işlər həyata keçirilməkdədir.

Sonda iştirakçıların sualları cavablandırılıb.