Hacıqabul və Şirvanda maarifləndirmə tədbirləri keçirilib
İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Hacıqabul Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Hacıqabul Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin məsləhətçisi Zaur Şirəliyev, Gənclər və idman idarəsinin rəisi Xalid Rəcəbli, müəllim və səhiyyə işçiləri iştirak ediblər.
Çıxışlarda narkotikin zərərlərindən, narkomaniyaya qarşı aparılan işlərdən, keçirilən tədbirlərdən bəhs olunub. Narkomaniyadan əziyyət çəkən insanların statistikası qeyd edilib, həmçinin dinlərin narkomaniyaya qarşı mövqeyindən bəhs olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
***
İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinın təşkilatçılığı ilə “Erkən nikahın hüquqi və mənəvi aspektləri” mövzusunda seminar keçirilib.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, din xadimləri və icma sədrlərinin iştirakı ilə keçirilən tədbirdəki çıxışlarda erkən nikahın hüquqi və mənəvi aspektlərindən, erkən nikaha məcbur edilən fərdlərin psixoloji problemlərindən, səmavi dinlərin, xüsusilə İslam dininin erkən nikaha münasibətindən bəhs edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


