Göyçayda maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 11-də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Göyçay Rayon İcra Hakimiyyəti (RİH), Rayon Polis Şöbəsi (RPŞ), Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayonu üzrə Sektorunun birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
"Dini radikalizm, zərərli vərdişlər və erkən nikah" mövzularının müzakirəsi ətrafında keçirilən maarifləndirici tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Əzim Rəfiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, RPŞ-nin rəisi polis polkovniki Müqalib Abdıyev, Polis Veteranlar Şurasının sədri Heydər Quliyev, kollecin müəllimləri və tələbələri iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərərlərdən bəhs olunub. Dini radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib. Natiqlər cəmiyyəti narahat edən narkomaniya, eləcə də erkən nikah kimi problemlərə də toxunublar.
Tədbir müzakirələrlə davam edib.


