Göyçayda “Din xadimlərinin korrupsiya ilə mübarizədə və maarifləndirmədə rolu” mövzusu müzakirə olunub
Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsinin təşkilatçılığı ilə “Din xadimlərinin korrupsiya ilə mübarizədə və maarifləndirmədə rolu” adlı tədbir keçirilib. Tədbir Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidində baş tutub.
Tədbirdə DQİDK-nin Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndələri Cavid Səfərov və Rəsul Kazımov, eləcə də rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, korrupsiya ilə mübarizə təkcə hüquqi deyil, həm də mənəvi məsələdir və bu istiqamətdə din xadimlərinin maarifləndirici fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, İslam dini ədalət, halallıq və vicdan prinsiplərinə əsaslanır, buna görə də hər bir mömin bu dəyərlərə sadiq qalmalıdır.
Natiqlər bildiriblər ki, din xadimləri cəmiyyətin mənəvi dayağı kimi rüşvət və digər neqativ hallara qarşı mübarizədə fəal mövqe tutmalıdırlar. Gənclərin düzgün istiqamətləndirilməsi, dini biliklərin artırılması və vətəndaş məsuliyyətinin gücləndirilməsi bu baxımdan mühüm rol oynayır.
Sonda tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi apararaq gələcəkdə bu istiqamətdə birgə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.