Göyçayda din xadimləri və gənclərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib
Fevralın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsi və Göyçay Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Göyçay Gənclər Evində “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin baş məsləhətçisi Əzim Rəfiyev, Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Fərid Əkbərov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Cavid Səfərov və Rəsul Kazımov, din xadimləri, dini icma sədrləri, eləcə də gənclər iştirak ediblər.
Çıxışlarda xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb. Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Ölkəmizdə yaşayan müxtəlif millətlərin, dinlərin və məzhəblərin nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğu qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

