Göyçayda “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib
Noyabrın 18-də Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, həmçinin bölgənin din xadimləri və dini icma sədrlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Göyçay RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vüsal Zöhrabov rayondakı dini durum barədə məlumat verib. Dövlətin dinə və dindarlara qayğısından bəhs edən şöbə müdirinin müavini ölkəmizdə vətəndaşlarımızın ibadətlərini yerinə yetirməsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini S.Heydərov vurğulayıb ki, dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmindəki münaqişələr təşkil edir. Sədr müavini respublikamızda dinlərarası və millətlərarası münaqişələrin baş vermədiyini bildirib, Azərbaycanda məzhəblər arasında vəhdət və həmrəyliyin mövcud olduğunu qeyd edib: “Respublikada milli-mənəvi dəyərlərimizə söykənən və sağlam dini təməllər üzərində formalaşdırılmış nümunəvi dövlət-din modeli mövcuddur".
Sədr müavini deyib ki, Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə həyata keçirilən, balanslı, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli və dövlətçilik ənənələrimizin də qətiyyətlə müdafiə edildiyi siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi sivilizasiyalararası mədəniyyətin və multimədəni harmoniyanın təminatçısı kimi tanıdıb.
Səyavuş Heydərov Azərbaycanın bu uğurlarını gözü götürməyən bəzi xarici dairələrin mövcud olduğunu, onlar tərəfindən respublikamıza yad dini ideologiyaların idxal olunmasına cəhdlər edildiyini bildirib. “Bu cür cəhdlərin qarşısı müvafiq qurumlar tərəfindən qətiyyətlə alınır”-,deyə DQİDK-nın sədr müavini əlavə edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

