Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.11.2026 / Bölgə xəbərləri

Göyçay və Qubada Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Beynəlxalq Tolerantlıq Günü” çərçivəsində “Dini tolerantlıq: ictimai birlik və sabitliyin qarantı kimi” mövzusunda Göyçay və Quba rayonlarında tədbirlər keçirilib.

Noyabrın 5-də Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsinin müdir müavini Əzim Rəfiyev, din xadimləri, dini icma sədrləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Noyabrın 11-də isə Quba rayonunun İkinci Nügədi kəndində təşkil olunan tədbirə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, DQİDK-nın regional bölməsinin müdiri Elnur Ağasiyev, İkinci Nügədi kənd “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov və ictimaiyyət nümayəndələri qatılıblar.

Çıxışlarda Azərbaycanda tarixən formalaşmış dini tolerantlıq ənənələrindən, müxtəlif dini konfessiyaların nümayəndələri arasında qarşılıqlı hörmət və anlaşma mühitinin qorunmasının əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, ölkəmizdə dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması və multikultural dəyərlərin təşviqi ictimai sabitliyin və milli birliyin möhkəmləndirilməsində mühüm rol oynayır.