Goranboyda maarifləndirmə tədbiri olub
İyulun 23-də Goranboy rayonunda DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsi, Goranboy Rayon İcra Hakimiyyəti və Xanqərvənd kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə "Aşura mərasimləri: mənəvi dəyərlər və hüquqi məsuliyyət" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Görüşdə DQİDK-nın regional bölməsinin baş məsləhətçisi Vüsal Hüseynli, Goranboy RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Fərid Musayev, Xanqərvənd kənd məscidi dini icmasının sədri Rəsul Həşimov, eləcə də rayon üzrə fəaliyyət göstərən rəsmi din xadimləri, dindarlar və dini icma üzvləri iştirak ediblər.
Çıxışçılar ölkəmizdə vicdan və dini etiqad azadlığının tam təmin olunduğunu, hər bir vətəndaşın öz dini inanclarını sərbəst şəkildə ifadə etmək və mərasimlərdə iştirak etmək hüququna malik olduğunu diqqətə çatdırıblar. Bununla yanaşı, dini ayinlərin icrası zamanı qanunvericiliyin tələblərinə riayət olunmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, insan sağlamlığına təhlükə yaradan, ictimai təhlükəsizlik üçün risk formalaşdıran və ya şəxsin fiziki/mənəvi toxunulmazlığına xələl gətirən hərəkətlər yolverilməzdir və hüquqi məsuliyyət doğurur.
Eyni zamanda, dini mərasimlərdən radikal və ekstremist ideyaların yayılması, zorakılığa çağırışlar və qanunazidd fəaliyyətlərin təşviqi üçün istifadə edilməsinin qətiyyən qəbulolunmaz olduğu xüsusi ilə qeyd edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



