Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.10.2022 / Bölgə xəbərləri

Goranboyda “Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda tədbir keçirilib

19-20 oktyabr tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Faxralı kənd tam orta məktəbində “Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Goranboy RİH başçısının müavini Mirvari Ağamalıyeva, Dövlət Komitəsinin şöbə müdirləri Sadiq Mirzəyev, Həsən Məmmədov, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, ziyalılar və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısının müavini Mirvari Ağamalıyeva rayonda dini durumun sabit olduğunu bildirib, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov qeyd edib ki, xalqımız hər zaman digər dinlərin və millətlərin nümayəndələri ilə dost, qardaşlıq və sülh şəraitində yaşayıb ki, bu ənənə bu gün də davam etməkdədir. Bu baxımdan Azərbaycanda heç zaman dini və milli zəmində münaqişə baş verməyib. Müxtəlif konfessiyaların nümayəndələri dini etiqatlarını sərbəst şəkildə həyata keçirə bilirlər.

İslam dininin sülh, əmin-amanlıq, inkişaf, elm və təhsilə böyük önəm verdiyini diqqətə çatdıran G.İsmayılov onu da vurğulayıb ki, dinimizdə radikalizm və xurafat elementləri yoxdur: “Həm xurafat, həm də dini radikalizm cəmiyyət üçün zərərlidir. Bu istiqamətdə mübarizənin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir. Eyni zamanda, Dövlət Komitəsi olaraq müvafiq qurumlarla birlikdə dini radikalizm və ekstremizmlə mübarizə tədbirləri həyata keçiririk”. Sədr müavini  qeyd edib ki, hansısa cəmiyyətdə təhsil və dini biliklər insanlara paralel şəkildə çatdırılmırsa, xurafatın yayılması qaçılmazıdır.

QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov mövzu ilə bağlı fikirlərini bölüşüb, sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İkigünlük seminar-treninq işini müzakirələrlə yekunlaşdırıb.