Goranboyda dini radikalizm mövzusu müzakirə olunub
Aprelin 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində “Dini radikalizmin mahiyyəti və fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy rayonu Safıkürd kənd məscidinin imam müavini Elnur Cəfərov, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və onun mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.