Gəncədə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda tədbir keçirilib
Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri vəzifəsini icra edən Həsən Məmmədov, Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə Dövlət Universitetinin (GDU) Tarix fakültəsinin baş müəllimi Bəxtiyar Məhərrəmov, dini konfessiya və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin dövlətçilik dühası, siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində cəmiyyətin multikultural xarakteri siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilib, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib.
Qeyd olunub ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırki səviyyəyə gəlib çatması Prezident cənab İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş olunub.




