Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.08.2024 / Bölgə xəbərləri

Gəncədə “Dinin siyasiləşdirilməsi, dini təhlükəsizliyə təhdid kimi” mövzusu müzakirə edilib

Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi, dini təhlükəsizliyə təhdid kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri vəzifəsini icra edən Həsən Məmmədov, müdir müavini Elmar Fətəliyev, Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə şəhər Şah Abbas “Cümə” məscidinin icma sədri Əlisəftər Səfərəliyev çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, dini kimliyin milli kimliyi üstələməsi və başqa çoxşaxəli proseslər nəticəsində təzahür edən dinin siyasiləşdirilməsi tendensiyası dövlət maraqları baxımından son dərəcə təhlükəlidir. Ölkəmizdə dinlər və məzhəblərarası qarşıdurmalar baş verməyib, milli, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir, eləcə də hər kəsin vicdan azadlığına təminat verilir. O da qeyd edilib ki, bir çox xalqların və  müxtəlif dini konfessiyaların nümayəndələri respublikamızda birgə yaşayır və sərbəst ibadət edirlər.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Din və yad təsirlər” adlı sənədli film nümayiş olunub.